“Dinamo Zaqreb” Mahir Emrelini UEFA Avropa Liqası üçün iştirak ərizəsinə daxil edib
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Avropa Liqasında “Dinamo Zaqreb”in formasını geyinə bilər.

25 yaşlı hücumçunun keçidi bunun üçün mümkün olan son gündə baş tutub.

Avrokuboklarda mübarizəni davam etdirən klublar fevralın 2-dən 3-nə keçən gecə Bakı vaxtı ilə saat 03:00-a qədər yeni oyunçularını sifariş edə bilərdi. Hər kluba yalnız 3 yeni transfer əlavə etmək hüququ verilir.

Xorvatiya çempionu qışda təkcə M.Emrelini transfer etməyib. Petar Boçkayı “Osiyek”dən, Mario Kujeni “Dnepr-1”dən, Marko Ciranı “Lokomotiva”dan alıb. Bu “dördlük”dən biri Avropa Liqasında oynaya bilməyəcək. Xorvatiya mətbuatı M.Emrelinin sifariş vərəqinə əlavə edilən üç oyunçudan biri olduğunu yazıb.

Qeyd edək ki, “Dinamo” və “Sevilya” arasında pley-off matçları fevralın 17-də və 24-də keçiriləcək.

Xəbər 299 dəfə oxundu.