Şahmatçımız Azər Mirzəyev Budapeştdə keçirilən beynəlxalq turnirin qalibi olub
Macarıstanın paytaxtı Budapeştdə beynəlxalq usta normalı turnirdə Azər Mirzəyev birinci yeri tutub.

Şahmatçımız 8 turdan 7 xal toplayaraq vaxtından əvvəl turnirin qalibi adına layiq görülüb. Dairəvi sistem üzrə keçirilən yarış 9 turdan ibarətdir.

Macarıstanın paytaxtında təşkil edilən beynəlxalq qrosmeyster normalı turnirdə isə digər şahmatçımız Kənan Qarayev çıxışını davam etdirir. Təmsilçimiz hazırda 8 turdan sonra liderdən yarım xal geri qalaraq (5 xal) ikinci pillədə qərarlaşıb. Doqquzuncu turda şahmatçımız macarıstanlı Vilmos Balint ilə qarşılaşacaq.

Yarış bu gün başa çatacaq.

Xəbər 474 dəfə oxundu.