Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları arasında keçirilən stolüstü tennis turniri başa çatıb
Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyası və Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə aqrar sahədə çalışan əməkdaşlar arasında Azərbaycan Gəncləri Gününə həsr olunan stolüstü tennis turniri başa çatıb.

Turnirdə birincilik uğrunda Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı və nazirliyin tabeli qurumlarının 46 əməkdaşı 8 yarımqrupa bölünərək yarışıblar.

Bu gün baş tutan final mərhələsində 16 nəfər mübarizə aparıb.
Stolüstü Tennis Federasiyasının böyük zalında keçirilən oyunlar beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə edilib.

Yekun nəticələrə görə, Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov bütün rəqiblərinə qalib gələrək birinci yerə sahib olub. Aqrar Tədarük və Təchizat ASC-nin əməkdaşı Eston Zeynalov 2-ci yerə, Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Rəşad Dəmirov 3-cü yerə layiq görülüblər.

Çempionatda ilk üç yeri tutan və ən yaxşı qadın iştirakçı nominasiyası üzrə qalib gələnlərə fəxri fərman, pul mükafatı və hədiyyələr təqdim edilib. Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən də qaliblərə xüsusi mükafatlar təqdim olunub.

Xəbər 276 dəfə oxundu.