Gənclər və idman naziri Qafqazın ən böyük kiber-arenası - “Bizon E-Sport Arena” ilə tanış olub
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Kiberidman Federasiyasının fəaliyyəti, eləcə də Qafqazın ən böyük kiber arenası - “Bizon E-Sport Arena” ilə tanış olub.

Federasiyanın prezidenti Ramil Əliyev qurumun kiberidmanın inkişafı istiqamətində gördüyü işlərdən danışıb.

“Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov isə əsas mərkəz olan Nizami Kino Mərkəzində yaradılan “Bizon E-Sport Arena”da şərait barədə məlumat verib.

“Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov son illər ölkədə kiber idmana marağın artdığını bildirib, reallaşdırılan yerli və beynəlxalq layihələrin daim geniş kütlənin diqqətində olduğunu söyləyib.

2011-ci ildən fəaliyyət göstərən və həmin ildən də beynəlxalq təşkilatın üzvü olan federasiya hər il kiberatletlərin iştirakı ilə kompüter oyunları üzrə milli çempionat keçirir.

Federasiya rəhbərliyi ilə görüş zamanı qarşıdakı planlar müzakirə edilib, fəaliyyətin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. İnformasiya texnologiyaları sahəsində birgə ideya və layihələrin reallaşdırılması tövsiyə edilib və bildirilib ki, xüsusən də regionlarda buna böyük ehtiyac var.

Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva da iştirak edib.

Qeyd edək ki, arenanın yenidən qurulmasında əsas dəstəyi “Avrora Qrup”a məxsus “Bizon” brendi verib.

Xəbər 447 dəfə oxundu.