Katarina Leandro: Azərbaycanda gimnastikanın inkişafı sahəsində görülən işlər yüksək qiymətə layiqdir
Azərbaycana ikinci dəfədir səfər edirəm. Paytaxtınızı çox sevirəm. Şəhər turunda oldum və çox xoşuma gəldi. Biz burada qaldığımız üçün fərəh hissi keçiririk. İşləmək üçün gözəl şərait və imkan var. Bakı ecazkar şəhərdir.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Portuqaliya Gimnastika Federasiyasının bədii gimnastika üzrə vitse-prezidenti Katarina Leandro deyib.

Milli Gimnastika Arenasında portuqaliyalı idmançıların beynəlxalq yarışlara hazırlaşdığını bildirən K.Leandro qeyd edib: “AGF ilə qarşılıqlı mübadilə və əməkdaşlıq bizim üçün çox vacibdir. Biz yerli federasiyanın rəhbərliyinə və İcra Komitəsinin üzvü Mariana Vasilevaya təşəkkürümüzü bildiririk”.

Ölkəsində idman gimnastikasının inkişafından danışan portuqaliyalı mütəxəssis deyib: “İdman gimnastikası üzrə bir təmsilçimiz Olimpiya Oyunlarının iştirakçısı olub. O, reytinqdə ilk onluqda yer alır. Qazanılan nəticələrə əsasən deyərdim ki, Portuqaliyada idman gimnastikası daha çox inkişaf edib. Batut və akrobatika üzrə də dünya çempionatında nəticəmiz var. Bədii gimnastika üzrə təmsilçilərimiz isə fərdi çıxışlarda beynəlxalq yarışlarda bir neçə medal qazanıblar. Nailiyyətlərə görə Avropa reytinqində orta sıralarda yer alırıq”.

Azərbaycan ilə Portuqaliya arasında gimnastika sahəsində əməkdaşlığı yüksək qiymətləndirən K.Leandro qeyd edib ki, Azərbaycanda gimnastika sahəsində görülən işlər yüksək qiymətə layiqdir. Düşünürəm ki, Azərbaycan bütün sahələrdə gündən-günə inkişaf edir. Azərbaycanın bu sahədə gördüyü işləri çox bəyənirəm.

Xəbər 255 dəfə oxundu.