Bakı İdman Sarayında dron şousu keçirilib
Gənclər Həftəsində Gənclər və İdman Nazirliyi və AREA-nın (Azerbaijan Robotics Engineering Academy) birgə təşkilatçılığı ilə dron şousu keçirilib.

Bakı İdman Sarayında gerçəkləşən tədbir Dövlət Himni ilə başlayıb, Azərbaycan bayrağı dronla yüksəkliyə qaldırılıb.

Tədbir zamanı dron futbol yarışı, Dünya Robot Olimpiadasının təqdimatı, təyyarə rəqsi, böyüklər arasında FPV (Birinci şəxsin görüntüsü) dron yarşı, helikopter şousu, "Mən Pilotam 2022" yarışlarının təqdimatı və robot futbol yarışı olub.

Helikopter şousu və robot futbol yarışı xüsusi maraqla qarşılanıb. 90 dəqiqəlik futbol yarışında əsas məqsəd müəyyən toplarla rəqibin qapısına qol vurmaqdır.

AREA-nın təlimçisi Məryəmana Sulxayeva tədbirə maraqdan razılıq ifadə edib: "Yarış 8-13 yaşlı uşaqlar arasında keçirildi. Burada dron olimpiyadası ilə yanaşı, iyunda keçiriləcək Dünya Robot Olimpiyasının təqdimatları oldu. Valideynlərin və uşaqların bu sahəyə marağı bizdə bu işi görmək üçün daha da yüksək motivasiya yaradır".

AREA-nın təsisçisi Rəhman Rəsulzadə bildirib ki, hava idman oyunları yarışında müxtəlif bölgələrdən 50-dək iştirakçı olub: "Burada əsas məqsəd gənclərin müasir texnoloji biliklərə yiyələnməsidir. İyunda keçiriləcək dron robot yarışında ümumilikdə 5 000-dək iştirakçının olması gözləniləndir".

AREA-nın təlimçisi Vüsalə Əliyeva "Mən Pilotam" programına qoşulan şagirdlərin yarışını təşkil etdiyini söyləyib. Onun sözlərinə görə, iyunda keçiriləcək dron olimpiadasına hazırlıq mərhələsində Şəki, Zaqatala və Bakı filiallarından olan şagirdlər yarışıblar.

Dron mühəndisi Cavid Alxazov qeyd edib ki, dronun hissələrini konstruksiya şəklində aldıqda 2 həftəyə dronu ərsəyə gətirmək olar: "2001 ci ildən PUA-larla məşğulam. Hazırkı yarışda 3 Dron modelim nümunədir, yanacaqla işlədiyi üçün qapalı məkanlarda ucurulmasi qadağandır".

Xəbər 392 dəfə oxundu.