“Tata Steel Chees”in iştirakçılarına Vüqar Həşimovun xatirəsinə təsis olunmuş “Fair play” mükafatı təqdim edilib
Veyk-an-Zee şəhərində 84-cü “Tata Steel Chees” festivalı çərçivəsində keçirilən şahmat üzrə super turnirinin sonunda azərbaycanlı qrosmeyster Vüqar Həşimovun xatirəsinə təsis olunmuş “Fair play” mükafatları təqdim edilib.

Mükafatların sahiblərini Vüqar Həşimovun qardaşı Sərxan Həşimov, turnirin direktoru Yerun van den Berq və yarışın baş hakimi Pavel Votrubanın daxil olduğu jüri müəyyən edib.

Vüqar Həşimov Şahmat Fondu tərəfindən təsis edilmiş mükafat əsas turnirin iştirakçısı, hindistanlı Rameşbabu Praqqnanandaa və iddiaçıların yarışında iştirak edən niderlandlı Ervin L`Amiyə təqdim olunub. Qeyd edək ki, mükafatın təşkilatçılara, tamaşaçılara, mətbuat nümayəndələrinə və əlbəttə, rəqiblərə hörmətlə yanaşan şahmatçılara verilməsi qərara alınıb.

Niderland təmsilçisi E.L`Ami yeganə şahmatçıdır ki, Vüqar Həşimovun xatirəsinə təsis olunmuş “Fair play” mükafatına ikinci dəfə layiq görülüb.

2016-cı ildə təsis olunmuş mükafat ilk dəfə çexiyalı David Navara (əsas yarış) və Niderland təmsilçisi Yorden Van Forestə (iddiaçıların yarışı) təqdim olunub. Növbəti il mükafata Hindistan idmançısı Başkaran Adhiban, kanadalı Erik Hansen, 2018-ci ildə rusiyalı Vladimir Kramnik, E.L`Ami, 2019-cu ildə sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand, qazaxıstanlı Dinara Saduakasova layiq görülüblər. 2020-ci ildə dünya çempionu norveçli Maqnus Karlsen və ukraynalı zəka sahibi Pavel Elyanov fərqləniblər. Ötən il super turnir ancaq əsas yarışdan ibarət olub və mükafat İsveç şahmatçısı Nils Qrandeliusa verilib.

S.Həşimov bundan sonra da davam etdiriləcək bu ənənənin Vüqar Həşimovun qazandığı nailiyyətlərin təbliğinə mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.

Xəbər 280 dəfə oxundu.