Fərid Qayıbov Mingəçevir, Neftçala, Ağdaş və Göyçay şəhərlərində səfərdə olub
Yanvarın 29-da gənclər və idman naziri Fərid Qayıbov Mingəçevir, Neftçala, Ağdaş və Göyçay şəhərlərində səfərdə olub. Səfər çərçivəsində əvvəlcə Neftçala rayonunda inşası davam edən Olimpiya İdman Kompleksinin tikinti prosesi ilə tanış olub, müvafiq tövsiyələr verilib.

Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin fəaliyyəti və şəraiti ilə tanışlıq olub. Burada “Tariximizi birgə yaşadaq” şüarı ilə keçirilən avarçəkmə və kanoe üzrə “Gənclər kuboku” yarışını gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov birlikdə izləyiblər.

Daha sonra Mingəçevir şəhər stadionuna baxış olub, burada şəraitin yaxşılaşdırılması istiqamətində müzakirələr aparılıb. Mingəçevir və Göyçay Gənclər Evlərinə baş çəkən nazir, gənclər üçün yaradılan şərait və xidmətlərlə maraqlanıb. Fəaliyyət göstərən dərnəklər, keçilən təlimlər, proqramlar barədə məlumat verilib.

Nazir həmçinin Göyçay və Ağdaş Olimpiya İdman Komplekslərinin fəaliyyətləri ilə də tanış olub. Müxtəlif idman növləri üzrə bölmələrin məşq proseslərini izləyib, idmançılarla görüşüb, məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, onların problemləri ilə maraqlanıb.

Həmin qurğuların problemləri ilə maraqlanan Fərid Qayıbov bu mərkəzlərdə gənclərə və idmançılara xidmət səviyyəsinin genişləndirilməsinin önəmini qeyd edib, bununla bağlı müvafiq tövsiyələr verib.

Xəbər 454 dəfə oxundu.