Azərbaycan komandası qarüstü polo üzrə dünya kuboku turnirinə qələbə ilə başlayıb
İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 37-ci dünya kuboku turnirinə start verilib.

Altı komandanın iştirak etdiyi nüfuzlu turnirdə Azərbaycanı “Land of Fire” komandası təmsil edir. Yanvarın 27-də start götürən yarışda komandamızın ilk görüşündəki rəqibi “Perrier Jouet” kollektivi olub. Komandamızın kapitanı Elçin Camallının rəhbərliyi altında idmançılarımız qarşılaşmanın sonunadək üstünlüyü əldən verməyərək 7–2,5 hesabı ilə qələbə qazanıblar.

Qarüstü polo üzrə dünya kuboku çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ölkəmizin tarixi və mədəniyyəti təbliğ olunub. Yarışın keçirildiyi ərazidə Azərbaycana həsr olunmuş guşədə xalqımızın milli mətbəxinin nümunələri, mədəniyyəti və turizm potensialı qonaqlara və yarış iştirakçılarına nümayiş etdirilir.

Turnirdə Azərbaycanı təmsil edən “Land of Fire” komandası yanvarın 29-da yarımfinal oyununa çıxacaq. Komandamızın rəqibi gün ərzində keçirilən matçlara əsasən məlum olacaq. Turnirə yanvarın 30-da yekun vurulacaq.

Xəbər 414 dəfə oxundu.