Portuqaliya millisində yeni simalar
Portuqaliya milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə rəsmi oyuna çağırılan 6 futbolçusu müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Paulu Bentunun İspaniya Primerosunda çıxış edən “Valensiya” və “Deportivo” klublarının futbolçularını millimizlə sentyabrın 11-də evdəki matça dəvət etdiyi açıqlanıb.

“Valensiya”dan Rikardo Koşta ilə Joao Pereyra təcrübəli müdafiəçilərdir və son Avropa çempionatının final mərhələsində yığmada olublar. Müəyyən fasilədən sonra yüksək liqaya qayıdan “Deportivo”dan isə yarımmüdafiəçi Andre Santos, hücumçular Pizzi, Nelson Oliveyra və Bruno Qama dəvət alıb.

Bunlardan Pizzi ilə Qama debütantdırlar və gənclər yığmasından cəlb olunublar. Müqavilə ilə “Benfika”ya məxsus olan Nelson “Deportivo”da icarə əsasında oynayır və final mərhələsində iştirak edib. Eyni sözləri Santos haqda da demək olar. “Beşikdaş”ın yarımmüdafiəçisi Rikardo Kuarejmanın isə millimizlə oyuna çağırıldığı bir müddət öncə məlum olmuşdu.

Qeyd edək ki, Bentu fərqli millimizin baş məşqçisi Berti Foqts Portuqaliya ilə oyuna heyəti açıqlayaraq, 30 futbolçuya dəvət göndərib. Onun portəgiz həmkarı siyahını avqustun 31-də elan edəcək.

Xəbər 1191 dəfə oxundu.