Cüdo üzrə Azərbaycan millisində koronavirusa kütləvi yoluxma halı aşkarlanıb
Portuqaliyanın Almada şəhərində Qran-Pri turnirində iştirak edəcək cüdo üzrə Azərbaycan milli komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Məlumatda bildirilir ki, Qran-Pri turnirində iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan Azərbaycanın kişi və qadın cüdoçulardan ibarət milli komandaları səfərdən əvvəl Beynəlxalq Cüdo Federasiyasının (IJF) müəyyən etdiyi protokola uyğun olaraq test veriblər. Belə ki, səfərdən əvvəl IJF-in müəyyən etdiyi protokola uyğun olaraq, vaksin edilmiş heyət üzvlərindən bir dəfə, vaksin olunmamış heyət üzvlərindən isə (cəmi 3 nəfər) iki dəfə PCR testi götürülüb, müvafiq sənədlər beynəlxalq federasiyanın elektron qeydiyyat sistemi üzərindən təşkilatçılara göndərilib. Bütün müvafiq prosedurlar yerinə yetirildikdən sonra PCR test nəticələri neqativ çıxan heyət üzvləri Portuqaliyaya yola düşüblər.
IJF-in qaydalarına əsasən, iştirakçılar yarışın keçiriləcəyi yerə çatdıqdan sonra daha bir test verməlidirlər. Azərbaycan millisinin üzvləri dünən Portuqaliyanın Almada şəhərinə çatdıqdan sonra onlardan bütün digər ölkələrdən gələn idmançılarda olduğu kimi, yenidən PCR testi götürülüb. Təəssüf ki, Bakıda neqativ PCR nəticəsi olan bəzi heyət üzvlərimizdə bu dəfə nəticə pozitiv olub.
Beynəlxalq federasiyanın qaydalarına əsasən, pozitiv PCR nəticəsi olan heyət üzvləri yarışa buraxılmır və ayrıca otaqlarda karantinə alınırlar. Qeyd edək ki, hazırda pozitiv PCR nəticəsi olan milli komanda üzvləri Portuqaliyanın qaydalarına əsasən 7 günlük karantinə alınıblar.
Heyət üzvlərimiz özlərini yaxşı hiss edirlər, sağlamlıqlarında ciddi narahatlıq yoxdur və daim həkim nəzarəti altındadırlar. Azərbaycan Cüdo Federasiyası onların müalicəsi üçün bütün lazımi tədbirləri həyata keçirir.
Azərbaycan yığmasında pozitiv PCR testi olan heyət üzvlərinin sayı 2 (iki) nəfərdən çox olduğundan ilk testdə neqativ PCR nəticəsi olan təmsilçilərimizdən yenidən PCR testi götürülüb. Həmin testlərin nəticəsinə əsasən, sabahdan başlayacaq yarışlarda hansı təmsilçimizin mübarizə aparacağı dəqiqləşəcək.

Xəbər 307 dəfə oxundu.