Gənclər və idman nazirinin müavini Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi və milli komandaların baş məşqçiləri ilə görüşüb
Gənclər və idman nazirinin müavini Mariana Vasileva Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi və milli komandaların baş məşqçiləri ilə görüşüb.

Bakı Su İdmanı Sarayında keçirilən görüşdə federasiyanın prezidenti Xanlar Fətiyev, vitse-prezident Elçin Həsənov, baş katibi Fərid Bənənyarlı, üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov, su polosu üzrə millinin baş məşqçisi Azər Babayev, bədii üzgüçülük üzrə millinin çalışdırıcısı Yelena Şipova və digər şəxslər iştirak ediblər.

Görüşdə federasiyaya daxil olan su idmanı növlərinin inkişafı, qarşıda duran əsas məsələlər, idmançıların yarışlara hazırlığı, regionlarda su idman növlərinin daha da təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunub.

Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev indiyədək görülən işlər barədə nazir müavinini məlumatlandırıb və növbəti illərdə qarşıda duran əsas vəzifələrdən danışıb. Qeyd edib ki, bu gün təkcə Bakıda deyil, regionlarda da gənclərin su idmanı növlərinə marağını daha da artırmaq məqsədilə xüsusi inkişaf proqramı hazırlanır. Bu proqram çərçivəsində regionlarda kütləviliyin təmin olunması məqsədilə xüsusi təbliğat işlərinin aparılması nəzərdə tutulur. Bundan başqa, regionlarda su idmanı növləri üzrə məşqçilərin xüsusi seminarlara və treninqlərə cəlb edilməsi, o cümlədən Azərbaycanın digər şəhər və rayonlarında su hövzələri olan komplekslərlə sıx əməkdaşlıq edilməsi federasiyanın planlarına daxildir.

Vitse-prezident Elçin Həsənov Bakı Su İdmanı Sarayında işlərin yüksək səviyyədə təşkil edildiyini bildirərək, Bakıda su idmanı növlərinə böyük marağın olduğunu vurğulayıb.

Gənclər və idman nazirinin müavini Mariana Vasileva regionlarda su idmanı növlərinə marağın daha da artırılması, yerlərdə məşqçilər üçün seminarların təşkili, təbliğat işlərinin aparılmasının gücləndirilməsi təkliflərini yüksək qiymətləndirib. Nazir müavini regionlarda idman komplekslərinin rəhbərləri üçün Bakı Su İdmanı Sarayında xüsusi marketinq seminarlarının keçirilməsini, komplekslərin maddi-texniki baxımdan yüksək səviyyədə saxlanılması üçün yeni ideyaların verilməsini məqsədəuyğun hesab edib.

Görüşdə regionlarda su idmanı növləri üzrə yerli klubların yaradılması və inkişaf etdirilməsi mövzusu da xüsusi vurğulanıb. Milli komandaların məşqçiləri qeyd ediblər ki, regionlarda yerli klublar nə qədər çox olarsa, su idmanı növü üzrə yerli idmançılar arasında seçim etmək və yüksək bacarığa malik idmançılar yetişdirmək də bir o qədər asan olar.

Söhbət zamanı federasiyanın fəaliyyətinin daha da inkişaf etdirilməsi, yerlərdə gənclərin su idmanı növlərinə marağının artırılması məqsədilə valideynlərlə görüşlərin təşkili, onların övladlarının sağlamlığı üçün su idmanı növlərinin vacibliyinin izah edilməsi istiqamətlərində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi qərara alınıb.

Xəbər 418 dəfə oxundu.