“Neftçi-2” yoxlama oyununda “Füzuli”yə qalib gəlib
“Neftçi-2” qış təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. “Neftçi” klubunun əvəzedici komandası Region Liqasında mübarizə aparan “Füzuli” ilə qarşılaşıb.

“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda “Neftçi-2” 4:1 hesablı qələbə qazanıb. Komandanın heyətində Asim Əlizadə dubla imza atıb. Digər qolları Samir Qurbanov və Ağadadaş Salyanski vurublar.

Qeyd edək ki, yanvarın 12-dən etibarən klubun inzibati binasının yerləşdiyi bazada toplanışda olan “Neftçi-2” ayın 22-dək bu məkanda, daha sonra isə “Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlığı davam etdirəcək. Baş məşqçi Mahmud Qurbanovun rəhbərlik etdiyi komanda daha 3 sınaq matçı keçirməyi planlaşdırır. Yanvarın 21-də “Turan Tovuz”, beş gün sonra “Qarabağ-2”, fevralın 2-də isə U-18 milli komandası ilə yoxlama görüşü nəzərdə tutulub.

Xəbər 277 dəfə oxundu.