Azərbaycan Futzal Federasiyasının prezidenti milli komandanın üzvləri ilə görüşüb
Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Zaur Axundov yanvarın 13-də Bakı İdman Sarayında milli komandanın üzvləri ilə görüşüb.

Futzalçıların məşq prosesi ilə maraqlanan federasiya rəhbəri Avropa çempionatında qarşıya qoyulan hədəflərdən danışıb.

Sonra millinin açıq məşqini izləyən Z.Axundov jurnalistlərin suallarını cavablandırıb. Müsahibədə artıq hazırlığın sonuncu hissəsinin keçirildiyini vurğulayan federasiya prezidenti bildirib: “Hazırda tamamlama məşqləri keçirilir. Komanda üzvləri ilə görüşdük. Məşqçilər korpusu da hər məşqdən sonra hazırlıqla bağlı bizi məlumatlandırır. Baş məşqçi xırda detalların qaldığını və onların rəsmi oyuna qədər yekunlaşağını bildirdi. Heyətdə zədəli futzalçı yoxdur. Komandanın final mərhələsinə hazır olduğunu deyə bilərik”.

İlk tapşırığın birinci oyunda qələbə qazanmaq və dörddəbir finala yüksəlmək olduğunu qeyd edən Z.Axundov bu baxımdan Gürcüstan seçməsi ilə oyunda əldə olunacaq nəticənin əhəmiyyətini xüsusi vurğulayıb: “Biz heç bir rəqibi zəif hesab etmirik. Ümumiyyətlə, bu gün dünyada zəif rəqib yoxdur. Final mərhələsinə vəsiqə qazanan komanda heç vaxt zəif ola bilməz. Söhbət qarşıya qoyulan məqsəd və ona addım-addım yaxınlaşmaqdan gedir. Bizim tapşırıq qrup mərhələsini adlamaqdır. Həm də birinci oyunlar adətən çətin keçir. Komanda sanki həmin görüşün ikinci hissəsində futzal oynamağa başlayır. Bu baxımdan Gürcüstanla oyunun əhəmiyyəti böyükdür. Ona görə də komandanı qrupun açılış matçına yaxşı kökləməliyik”.

Avropa çempionatının final mərhələsində ilk dəfə 16 komandanın iştirak edəcəyini bildirən federasiya rəsmisi deyib: “Buna görə də qrupumuzda dörd komanda yer alacaq. Ancaq məqsədimiz dəyişmir. Biz altıncı dəfə bu yarışda iştirak edəcəyik. Birinci qarşılaşmadakı nəticə çox vacibdir”.

Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Xəbər 285 dəfə oxundu.