Fabio Kannavaro Polşa millisinin baş məşqçi postundan imtina edib
İtaliyalı mütəxəssis Fabio Kannavaro futbol üzrə Polşa millisinin baş məşqçi postundan imtina edib.

48 yaşlı mütəxəssis Polşa Futbol İttifaqının ikiillik müqavilə təklifini qəbul etməyib.

F.Kannavaro bu qərarın səbəblərini də açıqlayıb: “Polşa millisi martda dünya çempionatının seçmə mərhələsinin pley-off oyunlarında Rusiya yığması ilə qarşılaşacaq. Komandanın hazırlıq keçməsi üçün çox az vaxtı var”.

Xatırladaq ki, Polşa millisinin sabiq baş məşqçisi Paula Souza komandanı tərk edərək “Flamenqo” klubuna keçib.

F.Kannavaro İtaliya millisinin tarixində komanda yoldaşı Alessandro Nesta ilə dünyanın ən yaxşı ikili mərkəz müdafiəçisi hesab edilir. 1997-ci ildən 2010-cu ilədək İtaliya millisinin formasını geyinən F.Kannavaro 90 oyunda meydana çıxıb. 2006-cı ildə dünya çempionatında göstərdiyi möhtəşəm oyunu ilə UEFA tərəfindən “İlin futbolçusu” seçilib. F.Kannavaro futbol tarixində bu mükafatı alan üçüncü müdafiəçidir.

Xəbər 294 dəfə oxundu.