Türk hakerlərin qisası
Moskva «Spartak»ının rəsmi saytı avqustun 22-nə keçən gecə hakerlərin hücumuna məruz qalıb. Bunu «Fənərbağça»nın azarkeşlərinin etdiyi güman olunur. Versiyalardan birinə görə, bu yolla «Spartak»ın Çempionlar Liqası pley-offunda rəqibi olan «sarı-lacivərdlilər»in fanatları Lujnikidə Mustafa Kamal Atatürkün portretini yandıran rusiyalı azarkeşlərin əməlinə reaksiya veriblər.

«Spartak»ın saytına Mustafa Kamal Atatürkün portreti ilə yanaşı bu sözləri əlavə ediblər: «Dərhal türk xalqından üzr istəyin. FİFA belə əməlləri diqqətdən kənar qoyur. Lakin biz bu cür cinayətlərin cəzasız qalmasına imkan verə bilmərik».

İdman.com.az-ın xəbərinə görə, hazırda «Spartak»ın saytı dayandırılıb və onun istifadəsi mümkün deyil. Türk hakerlər həmçinin «Spartak»ın «Feysbuk» səhifəsinə də hücum ediblər.

İndi rusiyalı futbol rəsmiləri İstanbuldakı təkrar oyuna görə narahatlıq keçirirlər. Türkiyə tərəfi öz təhlükəsizlik təminatını versə də, daha arxayın olmaq üçün Moskvadan İstanbula polis qüvvələrinin aparılması planlaşdırılır.

Xəbər 921 dəfə oxundu.