Azərbaycan Milli Paralimpiya Komitəsində V İslam Həmrəyliyi Oyunlarına hazırlıq məsələləri müzakirə edilib

Yanvarın 10-da Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) Konyada təşkil olunacaq V İslam Həmrəyliyi Oyunlarının ilkin proqramına daxil edilmiş idman növləri üzrə baş məşqçilərlə iclas keçirilib.

İclasda komitənin baş katibi Kamal Məmmədov V İslam Həmrəyliyi Oyunlarının ilkin proqramı haqqında məlumat verib. Qeyd edib ki, ilkin siyahıya əsasən, Oyunların proqramı Tokio Paralimpiadasından tam fərqlidir. Yarışda komitənin idmançılarının da iştirakı nəzərdə tutulur. Hazırlıqla əlaqədar AMPK-nın strateji fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə görüləcək işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib.

K.Məmmədov baş məşqçilərdən idmançıların fiziki və psixoloji vəziyyəti barədə maraqlanıb və müvafiq tapşırıqlar verib. Baş məşqçilərə “Konya-2021” V İslam Həmrəyliyi Oyunlarına hazırlıq dövrü üçün fəaliyyət proqramının on gün ərzində hazırlanıb təqdim edilməsi tapşırılıb.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında Konya şəhərində keçirilməli olan V İslam Həmrəyliyi Oyunları bir il sonraya təxirə salınıb. İlk İslam Həmrəyliyi Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. 2017-ci ildə Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib.

Xəbər 400 dəfə oxundu.