Olimpiya çempionlarımız və məşqçiləri mükafatlarını aldılar

Böyük Britaniyanın və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında Azərbaycana parlaq qələbələr bəxş etmiş idmançılar və onların məşqçiləri avqustun 24-də mükafatlandırılıblar.

Bu münasibətlə Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən təntənəli mərasimdə XXX London Yay Olimpiya Oyunlarının yekunları barədə məlumat verilib.

Bildirilib ki, XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 10 medal qazanaraq xalqımıza xoş anlar yaşadıblar. Sərbəst güləşçilər Toğrul Əsgərov (60 kq) və Şərif Şərifov (84 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yunan-Roma güləşçisi Rövşən Bayramov (55 kq), qadın güləşçi Mariya Stadnik (48 kq) gümüş, yunan-Roma güləşçisi Emin Əhmədov (74 kq), sərbəst güləşçi Xetaq Qazyumov (96 kq), qadın güləşçi Yuliya Ratkeviç (55 kq), boksçular Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) və ağır atlet Valentin Xristov (56 kq) bürünc medallar qazanıblar. İdmançılarımızın bu qələbəsi dövlətimizin, bütövlükdə xalqımızın qələbəsidir.

Azərbaycanın olimpiya yığması bu göstərici ilə 205 ölkə arasında 30-cu olub. Millimiz Avropa ölkələri arasında 15-ci, MDB dövlətləri arasında 5-ci yerdə qərarlaşıb. Ölkəmiz türkdilli dövlətlər arasında yalnız Qazaxıstandan geri qalıb, Müsəlman ölkələri arasında isə 3-cü olub.

Eyni zamanda, tədbirdə Prezident İlham Əliyevin XXX London Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarını ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə mükafatların müəyyən edilməsinə dair imzaladığı sərəncam diqqətə çatdırılıb.
Qeyd edilib ki, Azərbaycan Prezidentinin 2012-ci il 3 iyul tarixli Sərəncamına əsasən, Olimpiya Oyunlarında birinci yeri tutan hər idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat, ikinci yeri tutan idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat, üçüncü yeri tutan idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat məbləğində mükafatlar müəyyən edilib.

Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə London Yay Olimpiya Oyunlarında möhtəşəm qələbələrə imza atmış idmançılarımızı təbrik etmiş və onlara növbəti Olimpiya oyunlarında uğurlar arzulayıblar.
Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti bu gün öz bəhrəsini verir. Eləcə də bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında müstəsna xidmətləri vardır. İdmana göstərilən dövlət qayğısının nəticəsidir ki, müstəqil Azərbaycanın övladları ölkəmizin şərəfini müxtəlif idman yarışlarında ləyaqətlə qoruyurlar.

Tədbirin sonunda London Yay Olimpiya Oyunlarında Azərbaycana medallar qazandırmış idmançılara və onların məşqçilərinə mükafatlar təqdim edilib.

Xəbər 2570 dəfə oxundu.