Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi Sumqayıtda yerli məşqçi və hakimlərlə görüşüb
Azərbaycan Milli Karate Federasiyası (AMKF) regionlarla iş planına uyğun olaraq yeni mövsümə başlayıb.

Federasiyanın prezidenti Yaşar Bəşirov və Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Elgun Hümbətovun iştirakı ilə Sumqayıtda karatenin daha da inkişaf etdirilməsinə həsr olunmuş görüş olub.

Yerli məşqçi və hakimlərin iştirakı ilə Sumqayıtda keçirilən görüşdə 2021-ci ilin hesabatı nəzərə çatdırılıb, qarşıdakı planlar və mövcud problemlər haqqında məlumat verilib.

E.Hümbətov Azərbaycan karateçilərinin uğurlarında Sumqayıt idmançılarının xüsusi yeri olmasından məmnunluğunu ifadə edib. O, perspektivli idmançılara hər zaman dəstək verməyə hazır olduqlarını bildirib.

AMKF-nin rəhbəri Yaşar Bəşirov ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana qayğısı və diqqəti sayəsində böyük uğurlar əldə olunduğunu qeyd edib. O, dövlət tərəfindən müxtəlif fəxri adlar və mükafatların, eləcə də, həm dövlət, həm də hami təşkilatlar tərəfindən həvəsləndirici pul mükafatlarının verilməsinin idmançı və məşqçilərdə böyük ruh yüksəkliyi yaratdığını və gələcək yarışlarda daha məhsuldar və məsuliyyətli çıxışlara səbəb olduğunu bildirib.

Görüşdə federasiyanın Sumqayıt üzrə nümayəndəsi Akif Kərimov Dünya Karate Federasiyasının (WKF) beynəlxalq məşqçi və müəllim sertifikatı ilə təltif olunub. O, 2021-ci ilin hesabatını verərkən vurğulayıb ki, Sumqayıtda ötən il 18 karateçi müxtəlif yaş qruplarında respublika çempionatında böyük nəticələr əldə edərək milli komandaya dəvət olunub. Avqustda Finlandiyada keçirilən Avropa çempionatında yeniyetmələr arasında Nihad Kərimzadə qızıl, Aysu Əliyeva isə bürünc medal qazanıblar. Birinci MDB oyunlarında digər sumqayıtlı karateçi Osman Osmanlı gümüş medala sahib olub.

Xəbər 360 dəfə oxundu.