“Neftçi” klubu ilə “Türk Hava Yolları” arasındakı əməkdaşlıq davam edəcək
Artıq 3 ildir “Gələcək üçün buradayıq!” şüarı ilə “Neftçi” klubuna dəstək verən və klubumuzla əməkdaşlıq edən “Türk Hava Yolları” (THY) ilə başa çatan brend əməkdaşlıq müqaviləsinin müddəti uzadılıb.

Azsport.az “Neftçi” klubun rəsmi saytına istinadla xəbər verir ki, qardaş Türkiyənin dünya markası daha 1 il komandamıza dəstək verəcək.

Aviaşirkət ilə bağlanmış yeni müqaviləyə əsasən, “Türk Hava Yolları” “Neftçi”nin titul sponsoru olmağa davam edəcək. Əsas və əvəzedici komandaların oyun və məşq formalarının üzərində yenə də şirkətin loqosu öz əksini tapacaq. Komandaya məxsus təlim-məşq bazası “Türk Hava Yolları Futbol Mərkəzi” adını daşıyacaq. Bundan əlavə, kluba məxsus “Neftçi TV” və sosial şəbəkələrdə, o cümlədən bilbordlarda, çap materiallarında, biletlərdə, dəvətnamələrdə və digər məlumat məhsullarında qardaş ölkənin aviaşirkətinin loqosu yerləşdiriləcək.
Qeyd edək ki, 1933-cü ildə yaradılmış, həmin vaxt beş təyyarədən ibarət olan THY aviaşirkəti hazırda “Star Alliance”ın (beynəlxalq alyans) üzvüdür. 128 ölkədə 278 beynəlxalq və 50 daxili olmaqla 328 istiqamət üzrə uçuşlar həyata keçirən aviaşirkət 373 (sərnişin və yük) təyyarə parkına malikdir.
“Türk Hava Yolları” haqqında daha ətraflı məlumatı “www.turkishairlines.com” rəsmi internet saytından və ya feysbuk, tviter, yutub, linkedın və instaqram sosial media hesablarından əldə etmək olar. THY 2018-ci ildən Azərbaycan futbolunun flaqmanı “Neftçi” PFK-ya maddi və mənəvi cəhətdən öz dəstəyini verir.

Xəbər 291 dəfə oxundu.