Çin hökuməti KXDR-in Qış Olimpiya Oyunlarında iştirak etməməsinə münasibət bildirib
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Van Venbin Koreya Xalq Demokratik Respublikasının (KXDR) Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak etməməsinə münasibət bildirib.

XİN rəsmisi Çin ilə KXDR arasında dostluq münasibətinin olduğunu vurğulayaraq deyib: “Biz Qış Olimpiya Oyunlarının hazırlığına başlayanda KXDR dəstəyini əsirgəmədi. Müəyyən səbəblərdən KXDR Olimpiadada iştirak edə bilməyəcək. Çin hökuməti bunu anlayışla qarşılayır. Ölkələrimiz digər sahələrdə olduğu kimi, idman sahəsində də əməkdaşlığı bundan sonra genişləndirəcək”.
KXDR-in Bədən Tərbiyəsi və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi “Pekin-2022”nin təşkilat komitəsinə birgə məktub ünvanlayaraq, düşmən qüvvələrin hərəkətləri və COVID-19 pandemiyası səbəbindən idmançıların Qış Olimpiya Oyunlarına qatıla bilməyəcəklərini bildirib. Bununla belə, KXDR Çinin Olimpiya festivalının yüksək səviyyədə təşkilinə yönələn səylərini dəstəklədiyini bəyan edib.

KXDR “Tokio-2020” Yay Olimpiya Oyunlarında da iştirak etməyib.
“Pekin-2022” Qış Olimpiya Oyunları fevralın 4-22-də, Paralimpiya Oyunları isə martın 4-13-də keçiriləcək.

Xəbər 309 dəfə oxundu.