Şimali Koreya idmançıları “Pekin-2022” Olimpiya Oyunlarında iştirak etməyəcəklər
Koreya Xalq Demokratik Respublikasının (KXDR) idmançıları gələn ay Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak etməyəcəklər.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. KXDR Bədən Tərbiyəsi və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi “Pekin-2022”nin təşkilat komitəsinə birgə məktub ünvanlayaraq, düşmən qüvvələrin hərəkətləri və COVID-19 pandemiyası səbəbindən idmançıların Qış Olimpiya Oyunlarına qatıla bilməyəcəklərini bildirib. Bununla belə, KXDR Çinin Olimpiya festivalının yüksək səviyyədə təşkilinə yönələn səylərini dəstəklədiyini bəyan edib.

Rəsmi Pxenyan ABŞ-ın Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını diplomatik boykot etməsini qınayıb, bu qərarı Olimpiya Xartiyasının ruhunu təhqir etmək və Çinin beynəlxalq imicini ləkələmək cəhdi kimi qiymətləndirib.

Qeyd edək ki, ötən ilin sentyabrında Beynəlxalq Olimpiya Komitəsi “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirakdan imtina etdiyinə görə cəza olaraq Şimali Koreyanın “Pekin-2022” oyunlarında iştirakına qadağa qoymaq barədə qərar vermişdi. Bununla belə, komitə Şimali Koreyadan olan və lisenziya qazanmış idmançıların fərdi qaydada yarışlarda iştirakını mümkün hesab edirdi.

“Pekin-2022” Qış Olimpiya Oyunları fevralın 4-22-də, Paralimpiya Oyunları isə martın 4-13-də keçiriləcək.

Xəbər 294 dəfə oxundu.