Şotokan üzrə 11-ci dünya çempionatında uğurla çıxış edən idmançı və məşqçilərlə görüş olub
Azərbaycan Milli Karate Federasiyasında (AMKF) Dünya Şotokan Federasiyasının (WSF) Azərbaycan nümayəndəliyinin üzvləri və bu il noyabrın əvvəlində İstanbulda keçirilən 11-ci dünya çempionatında uğurla çıxış edən idmançı və məşqçilərlə görüş olub.

WSF-nin Azərbaycanda rəsmi nümayəndəsi və bu beynəlxalq təşkilatın İdarə Heyətinin üzvü Rənad Əliyev görüşdə İstanbulda 3 kateqoriya üzrə keçirilən və 30 ölkədən 1076 idmançının iştirak etdiyi yarışda idmançılarımızın 29 medal qazandığını bildirib. O, bu medalların 8 Noyabr - Zəfər Gününə həsr edildiyini xatırladıb.

WSF-nin prezidenti və İdarə Heyətinin üzvü Yaşar Bəşirov karateçiləri yüksək naliyyətlə bağlı təbrik edərək ölkədə yüksək potensialı olan karateçilərin yetişməsinin sevindirici hal olduğunu qeyd edib.

WSF-nin Azərbaycan nümayəndəliyinin qayğıları ilə maraqlanan Y.Bəşirov, dirçəliş dövrünə qədəm qoyan mötəbər təşkilatın yeni ildə bir sıra yarış və tədbirlər planı olduğunu söyləyib. O, 80-dək ölkəni birləşdirən WSF-ni Dünya Karate Federasiyasının (WKF) inkişaf etdiyi səviyyəyə çatdırmağa çalışacaqlarını deyib.

Görüşün sonunda çempionatda fərqlənən idmançı və onların məşqçilərinə hədiyyə və mükafatlar təqdim edilib.

Xəbər 493 dəfə oxundu.