Şahmat üzrə dünya çempionatı: Təmsilçilərimiz blits yarışının ilk turlarında mübarizə aparıblar
Varşavada blits və rapid üzrə dünya çempionatı davam edir.

Dekabrın 29-da şahmatçılar blits turnirinin ilk turlarında iştirak ediblər. On iki turda mübarizə aparan kişi şahmatçılarımızdan Məhəmməd Muradlı 8 xalla 17-ci, Şəhriyar Məmmədyarov 7,5 xalla 24-cü, Rauf Məmmədov eyni xalla 31-ci yerlərdə qərarlaşıblar. Vasif Durarbəyli, Vüqar Əsədli hərəyə 7 xal, Aydın Süleymanlı 6, Xəzər Babazadə isə 5 xal qazanıblar. Qadın təmsilçilərimiz - Xanım Balacayeva, Türkan və Zeynəb Məmmədyarovalar və Gülnar Məmmədova 9 turdan 5 xal toplayaraq 31-47-ci yerləri bölüşüblər.

Qeyd edək ki, çempionat çərçivəsində artıq rapid yarışları başa çatıb. Şahmatçılarımızdan kişilərin yarışında 13 turdan 9 xal toplayan Şəhriyar Məmmədyarov 8-ci yeri tutub. Xəzər Babazadə, Rauf Məmmədov 6,5, Aydın Süleymanlı, Vasif Durarbəyli 6 xal toplayıblar.

Qadınların yarışında isə təmsilçilərimizdən ən yaxşı nəticəni Gülnar Məmmədova göstərib. On bir turdan 7,5 xal əldə edən şahmatçımız bu nəticə ilə 12-ci yeri tutub. Digər təmsilçilərimiz Xanım Balacayeva 6,5 xalla 26-cı, Gövhər Beydullayeva 6 xalla 37-ci, Türkan və Zeynəb Məmmədyarovalar 5,5 xalla 44-59-cu yerləri bölüşüblər.

Rapid üzrə kişilər arasında Özbəkistan şahmatçısı Nodirbek Abdusattorov (9,5 xal), qadınların yarışında isə rusiyalı Aleksandra Kostenyuk (9 xal) dünya çempionatının qalibi adını qazanıblar.
Dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.

Xəbər 461 dəfə oxundu.