Nərimanov rayonunda məktəblilər arasında voleybol turniri keçirilib
Nərimanov rayonunda Vətən müharibəsi şəhidi Sinan Məmmədovun xatirəsinə həsr edilmiş məktəblilər arasında voleybol turniri keçirilib.

Turnirin açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, 212 nömrəli tam orta məktəbin direktoru Məlahət Rəhimova, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yasin Vəliyev, Vətən müharibəsinin iştirakçıları Rəşad Məmmədov, Rəşad Hüseynov və başqaları çıxış edərək Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli ordumuzun qazandığı tarixi qələbədən söz açıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin qəhrəman oğullarının göstərdikləri igidliklərdən danışıblar.

Qeyd edilib ki, Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi, Sinan Məmmədovun da göstərdiyi qəhrəmanlıq, şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Sonra yarışa start verilib. Turnirin qalibləri müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.


Xəbər 423 dəfə oxundu.