Azərbaycan paralimpiyaçıları Londona yola düşdülər

Avqustun 23-də Azərbaycan idmançılarından ibarət nümayəndə heyəti XIV Yay Paralimpiya Oyunlarında iştirak etmək üçün Böyük Britaniyanın paytaxtı Londona yola düşmüşdür.

Heydər Əliyev Beynəlxalq Aeroportunda onları Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, bir sıra idman federasiyalarının rəhbərləri və idmansevərlər təntənə ilə yola salmış və uğurlar arzulamışlar.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov idmançılarımızın bu yarışa ciddi hazırlaşdıqlarını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə idmanın inkişafına həmişə diqqət və qayğı ilə yanaşır. İ.Rəhimov London Yay Paralimpiya Oyunlarında onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə etmişdir. Olimpiya komandamızın Londondakı uğurlu çıxışı paralimpiyaçılarımızı yeni qələbələrə ruhlandırdığını bildirən İ.Rəhimov Paralimpiya Oyunlarında Azərbaycanın üçrəngli bayrağının dalğalanacağına və dövlət himninin səslənəcəyinə inandığını söyləmişdir.
Qeyd edək ki, avqustun 29-dan sentyabrın 9-dək Londonda keçiriləcək Yay Paralimpiya Oyunlarında Azərbaycanı 21 idmançı təmsil edəcəkdir.

AzərTAc

Xəbər 1181 dəfə oxundu.