İtaliya Formula 1-in İmola və Monza yarışları üçün xüsusi büdcə ayıracaq
İtaliya hökuməti Formula 1-in İmola və Monza yarışları üçün xüsusi büdcə ayıracaq.

İtaliya parlamentinin yuxarı palatası ölkənin 2022-ci il büdcəsi ilə bağlı qanunu təsdiqləyib və qanunda Formula 1 ilə bağlı maddələr də öz əksini tapıb. Belə ki, İmola və Monzada keçiriləcək iki Qran-Prinin maliyyələşdirilməsi üçün İtaliya Avtomobil Klubuna (ACI) 2025-ci ilə qədər illik 10 milyon avro ayrılacaq. 2022-ci ildə Monzadakı yarışa əlavə 5 milyon avro, 2023-cü ildə başa çatdırılması planlaşdırılan genişmiqyaslı yenidənqurma üçün isə daha 15 milyon avro ayrılacaq.

Beləliklə, həm İmola, həm də Monza qarşıdakı illərdə Formula 1 təqvimində qalacaq.

Qeyd edək ki, Monza ilk gündən Formula 1-ə ev sahibliyi edir. Lakin vaxtaşırı maliyyə problemləri yaransa da, bu yarış heç vaxt siyahıdan çıxarılmayıb. Keçən il pandemiya sayəsində İmola da təqvimə qayıdıb. Bu iki tras gələn il ardıcıl üçüncü dəfə F1-ə ev sahibliyi edəcək.

2022-ci ildə, həmçinin Monza trasının 100 illiyi qeyd olunacaq.

Xəbər 630 dəfə oxundu.