Premyer Liqanın ilk hissəsində “Qəbələ”nin 11 futbolçusu qol vurub
Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ilk hissəsi başa çatıb. “Qəbələ” mövsümün arxada qalan ilk iki dövrəsində 14 matça çıxıb.

Baş məşqçi Elmar Baxşıyev bu qarşılaşmalarda 19 futbolçuya şans verib. Altı oyunçu 14 görüşün hamısında iştirak edib. Bunlar İsnik Alimi, Nicat Mehbalıyev, Ruan Renato, Urfan Abbasov, Rövlan Muradov və Ülvi İsgəndərovdur. Onlardan ikisi – İ.Alimi və N.Mehbalıyev bu görüşləri əvəzolunmadan keçirib. Bu cütlük 1260 dəqiqə meydanda olub. On doqquz futbolçudan 13-ü matçların yarıdan çoxunda - ən azı 8 qarşılaşmada iştirak edib.

Mövsümün ilk hissəsində “Qəbələ”nin 11 futbolçusu qol vurub. “Qırmızı-qaralar”ın ən yaxşı bombardiri Ü.İsgəndərovdur. O, rəqib qapılarına 5 dəfə yol tapıb.

İ.Alimi və Rafael Utziq hərəyə 4 qola imza atıb. İ.Alimi qollarından ikisini penaltidən vurub. Rövlan Muradov və Yaovi Akakponun hərəsinin 2 qolu var. Altı oyunçu hərəyə 1 dəfə fərqlənib.

Xəbər 333 dəfə oxundu.