Azərbaycan Şahmat Federasiyasında gənc şahmatçılarla görüş keçirilib
Azərbaycan Şahmat Federasiyasında gənc şahmatçılarla görüş keçirilib.

Görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, birinci vitse-prezident Faiq Həsənov, Avropa Şahmat İttifaqının Prezidenti Zurab Azmayparaşvili, “Vüqar Həşimov” klubunun kapitanı Anar Allahverdiyev, gənclərdən və yeniyetmələrdən ibarət milli komandaların baş məşqçiləri Fərid Abbasov və Cahangir Ağarəhimov iştirak ediblər.

Tədbirə, həmçinin məktəblilərin onlayn Avropa çempionatında medal qazanan gənc şahmatçılar - Nərmin Abdinova (13 yaşadək qızlar, qızıl medal), Şiroğlan Talıbov (15 yaşadək oğlanlar, gümüş medal), Əhməd Xaqan (10 yaşadək oğlanlar, gümüş medal), Lalə Hüseynova (11 yaşadək qızlar, bürünc medal), Əsnad Vəliyeva (10 yaşadək qızlar, bürünc medal) və klublar arasında Avropa Kubokunda üçüncü yeri tutan “Vüqar Həşimov” klubunun üzvləri - Vüqar Əsədli, Əhməd Əhmədzadə və Murad İbrahimli dəvət olunublar.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov gənc şahmatçıları əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edib. M.Məmmədov federasiyanın hər zaman yeniyetmə və gənc şahmatçılara dəstək olmağa çalışacağını bildirib. Federasiya rəhbəri “Vüqar Həşimov” şahmat klubunun Avropa kubokunda bürünc medal qazanmasını ilin ən parlaq qələbələrindən biri kimi qiymətləndirib.

Daha sonra Avropa Şahmat İttifaqının prezidenti, beynəlxalq qrosmeyster Zurab Azmayparaşvili gənc şahmatçıları və “Vüqar Həşimov” klubunun üzvlərini təbrik edib. Qonaq Azərbaycan şahmat məktəbinin dünya şahmatında yüksək yerinin olduğunu söyləyib.

Məşqçilər adından çıxış edən Anar Allahverdiyev səmimi sözlər üçün təşəkkür edib, federasiya tərəfindən göstərilən qayğının şahmatçıları gələcək uğurlara ruhlandıracağını vurğulayıb.

Tədbirin sonunda şahmatçılara Azərbaycan Şahmat Federasiyasının mükafatları təqdim olunub.

Xəbər 365 dəfə oxundu.