Məktəblilər arasında "Böyük Zəfər" adlı voleybol turniri keçirilib
Xəzər Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər Rayon Təşkilatı və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə "Böyük Zəfər" adlı voleybol turniri keçirilib.

Şağan Olimpiya İdman Kompleksində keçirilən tədbirin açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Həzəlxan Əbilov, Şağan Olimpiya İdman Kompleksinin direktoru Atakişi Cahanov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Turnirdə rayonun orta məktəb komandaları qalib adı uğrunda mübarizə aparıblar. Yekun nəticələrə görə, birinci yeri 149 nömrəli orta məktəbin komandası tutub. İkinci yerə 185, üçüncü yerə isə 26 nömrəli orta məktəblərin komandaları layiq görülüblər.

Sonda qaliblər Xəzər Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbərliyi tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 347 dəfə oxundu.