Sabah şahmat üzrə dünya çempionatı start götürəcək
Dekabrın 25-də Varşavada blits və rapid üzrə dünya çempionatı start götürəcək.

Kişilər arasında Azərbaycanı Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə təmsil edəcəklər.

Qadınların turnirində isə Gülnar Məmmədova, Türkan və Zeynəb Məmmədyarovalar, Xanım Balacayeva və Gövhər Beydullayeva güclərini sınayacaqlar.

Dekabrın 31-dək davam edəcək turnirdə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, bu yaxınlarda FIDE reytinqində ikinci pilləyə yüksələn gənc istedad, Fransanı təmsil edən Alireza Firuzca, şahmat tacı uğrunda son üç dünya çempionatında mübarizə aparan Yan Nepomnyaşi (2021-ci il), Fabiano Karuana (2018-ci), Sergey Karyakin (2016-cı) kimi dünyanın ən güclü şahmatçıları iştirak edəcəklər.

Həm rapid, həm də blits yarışlarında iştirak edəcək şahmatçıların siyahısına Maqnus Karlsen başçılıq edir. Təmsilçimiz Ş.Məmmədyarov rapid turnirində 15-ci, blits yarışında isə 12-ci sıradadır.

Dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir. Xatırladaq ki, 2019-cu ildə Moskvada keçirilən son dünya çempionatında kişilər arasında Maqnus Karlsen həm rapid, həm də blits üzrə yarışların qalibi adını qazanıb. Qadınlar arasında isə hindistanlı Humpu Koneru rapid, rusiyalı Katerina Laqno isə blits üzrə dünya çempionu adına sahib olublar.

Xəbər 363 dəfə oxundu.