Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal turnirinin qalibi müəyyənləşib
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında noyabrın 27-də start götürən və Zəfər Gününə həsr edilən futzal turniri başa çatıb.

Bu gün turnirin final mərhələsi keçirilib. Həlledici mərhələdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları üz-üzə gəliblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən final oyununda Azərbaycan Dövlət İqtisad Universitetinin futzalçıları rəqib komandanı məğlub edərək turnirin qalibi olublar. Üçüncü yer uğrunda isə Bakı Dövlət Universitetinin komandası Gəncə Dövlət Universitetinin yığmasına qalib gələrək üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, futzal yarışları Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

Çempionatın təşkilində məqsəd ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbolun kütləviliyinin təmin edilməsi, respublikanın tələbələrdən ibarət yığma komandasının müəyyənləşdirilməsi, yeniyetmə və gənclərdən ibarət yığma komandalara perspektivli tələbə futbolçuların seçilməsidir.

Xəbər 406 dəfə oxundu.