Macarıstan şahmatçısı Riçard Rapport “Vüqar Həşimov memorialı”nda liderliyi ələ keçirilib
Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə dekabrın 22-də blits yarışlarına start verilib.

Turnirin beşinci günündə blits yarışlarında 7 turun oyunları keçirilib. Yarışda ən çox xalı Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qazanıb. Beş xala sahib olan şahmatçımız xal ehtiyatını 19-a çatdırıb və turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Macarıstanlı Riçard Rapport və Fabiano Karuana (ABŞ) 4,5 xal toplayıblar. Azərbaycan idmançısı Vüqar Əsədli və çexiyalı David Navara 4, sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand 2,5, Rusiya zəka sahibi Sergey Karyakin 2, şahmatçımız Rauf Məmmədov isə 1,5 xal toplayıblar.

Rapid turnirinin və blits yarışlarının 7 turunun yekunlarına görə, R.Rapport 20,5 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb. Ş.Məmmədyarov 19 xalla ikinci, F.Karuana 18,5 xalla üçüncü, S.Karyakin isə 18 xalla dördüncü pillədə yer alıblar. D.Navara 12 xalla beşinci, R.Məmmədov 10,5 xalla altıncı, V.Əsədli 8 xalla yeddinci, V.Anand isə 5,5 xalla sonuncu - səkkizinci yerdə qərarlaşıblar.

Dekabrın 23-də turnirin blits yarışlarında daha 7 turun oyunları keçiriləcək. Rapid və blits yarışlarında ən çox xal qazanan şahmatçı memorialın qalibi olacaq.

Blits yarışı 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunur.
Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorial”ına dekabrın 23-də yekun vurulacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Xəbər 516 dəfə oxundu.