Bu gün "Vüqar Həşimov memorialı-2021"də blits yarışlarına start veriləcək
Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün blits yarışlarına start veriləcək.

Turnirin beşinci günündə blits yarışlarının ilk turunda Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov çexiyalı David Navara, Rauf Məmmədov sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand, Vüqar Əsədli ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaqlar. Rusiya idmançısı Sergey Karyakin isə macarıstanlı Riçard Rapport ilə üz-üzə gələcək.

Rapid yarışlarının yekunlarına görə, R.Rapport və S.Karyakin 16 xalla 1-2-ci, F.Karuana və Ş.Məmmədyarov isə 14 xalla 3-4-cü pilləni bölüşürlər. R.Məmmədov 9 xalla beşinci, D.Navara 8 xalla altıncı, V.Əsədli 4 xalla yeddinci, V.Anand isə 3 xalla sonuncu - səkkizincidir.

Qalib adına rapid və blits yarışlarında ən çox xal qazanan şahmatçı sahib olacaq.

Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan Vüqar Həşimov memorialında şahmatçılar dekabrın 22-23-də blits yarışlarında mübarizə aparacaqlar. Blits yarışı 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Xəbər 292 dəfə oxundu.