“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Vüqar Həşimov memorialı-2021”i ziyarət edib
Ağdamın "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov "Vüqar Həşimov memorialı-2021"i ziyarət edib.

Məşqçi Şəhriyar Məmmədyarov və Fabiano Karuananın oyununda ilk gedişi edib.

Şahmatçılara uğurlar arzulayan Ağdam futbol klubunun baş məşqçisi sonra mərhum qrossmeysterin ailə üzvləri ilə görüşüb.

Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan Vüqar Həşimov memorialında şahmatçılar dekabrın 22-23-də blits yarışlarında mübarizə aparacaqlar. Blits yarışı 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə keçiriləcək.

Qalib adına rapid və blits yarışlarında ən çox xal qazanan şahmatçı sahib olacaq.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Xəbər 298 dəfə oxundu.