Ulyanovskda Heydər Əliyevin xatirəsinə həsr edilmiş Cüdo üzrə Xalqlar Dostluğu Kuboku yarışları keçirilib
Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti şəhər Cüdo Federasiyası və Ulyanovsk vilayətinin Cüdoçular Assosiasiyası ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş Cüdo üzrə II Regionlararası Xalqlar Dostluğu Kuboku yarışları keçirib.

Yarışlarda Rusiyanın müxtəlif regionlarını təmsil edən 500-dən çox gənc idmançı iştirak edib.

Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri İslam Hüseynov tədbirin açılış mərasimində çıxış edib. O deyib: “Artıq neçə ildir ki, bizim Muxtariyyət müxtəlif idman tədbirləri təşkil edir. Hər bir tamaşaçını və hər bir iştirakçını salamlamağa şadıq. Bizim turniri dəstəkləyənlərin hamısına – qubernator Aleksey Russkixə və onun komandasına, İdman Nazirliyinin rəhbəri Ramil Yeqorova, şəhərin meri Dmitri Vavilinə və əlbəttə, şəhər Cüdo Federasiyasına və vilayət Cüdoçular Assosiasiyasına təşəkkürümü bildirmək istəyirəm”.

Yarışların açılışı münasibətilə gənc idmançıları təbrik etməyə və dəstəkləməyə gəlmiş fəxri qonaqlar arasında qubernator administrasiyasının millətlərarası və konfessiyalararası münasibətlər idarəsinin rəisi Sergey Paxovski, Ulyanovsk vilayətinin müftisi İldar hacı Safiullin, regionun idman naziri səlahiyyətlərini icra edən Ramil Yeqorov, şəhər meri Dmitri Vavilin, şəhər Dumasının sədri İlya Nojeçkin turnir iştirakçılarını səmimi salamlayıb və tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

İdman naziri R.Yeqorov deyib: “Təsadüfi deyil ki, Ulyanovsk şəhəri idman ərazisi, Ulyanovsk vilayəti isə sağlam həyat tərzi ərazisi hesab edilir. Bu regionda sizi həmişə gözləyirik”.

Cüdo Federasiyasının icraçı direktoru Linar Basırov qeyd edib ki, bu turnir ilk dəfə 2019-cu ildə keçirilib. Artıq o vaxt təşkilatçılar bu tədbirin hər il keçirilməsi barədə düşünürdülər, lakin pandemiya səbəbindən planları dəyişmək lazım gəlib. L.Basırov deyib: “Simbirsk vilayətində əsrlər boyu çoxsaylı xalqların və millətlərin nümayəndələri yaşayıb, indi də belədir. Pandemiya ilə əlaqədar yaranmış indiki çətin dövrdə xalqların bir-birinə yaxınlaşması, dostluq etməsi, bir-birini dəstəkləməsi çox düzgün və zəruri addımdır”.

Vilayət cüdo məktəbinin direktoru Sergey Bezrukov qeyd edib ki, bu turnir gənc idmançıların özlərini göstərməsi və təcrübə toplaması üçün əla fürsətdir. Hazırda cüdo məktəbində 20 məşqçinin rəhbərliyi ilə 500-dən çox idmançı təhsil alır.

Cüdo üzrə əməkdar məşqçi, turnirin supervayzeri Aleksey Başkaykin deyib: “Turnirin əsa şüarı birlikdir. Onun dostluq kuboku adlanması hədər deyil. Heydər Əliyev gözəl insan idi. Biz bilirik ki, o, Ulyanovsk vilayəti ilə çox sıx bağlı olub”.

Xəbər 375 dəfə oxundu.