Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnir davam edir
Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnir davam edir.

Rapid yarışlarının dördüncü turunda Azərbaycan təmsilçiləri - Şəhriyar Məmmədyarov və Rauf Məmmədov üz-üzə gəlirlər. Digər şahmatçımız Vüqar Əsədli isə Macarıstan təmsilçisi Riçard Rapporta rəqib olub. Çexiyalı David Navara ABŞ idmançısı Fabiano Karuna, rusiyalı Sergey Karyakin isə sabiq dünya çempionu hindistanlı Vişvanatan Anandla qarşılaşır.

Beşinci turda Ş.Məmmədyarov V.Anand, V.Əsədli D.Navara, R.Məmmədov R.Rapport, S.Karyakin isə F.Karuana ilə üz-üzə gələcəklər.

Turnirin reqlamentinə əsasən, rapid yarışlarında bir tur iki oyundan ibarətdir.

Üç turdan sonra F.Karuana 8 xalla turnir cədvəlində birinci, R.Rapport isə 7 xalla ikinci pillədə qərarlaşıblar. Hesabında 5 xal olan R.Məmmədov, Ş.Məmmədyarov və S.Karyakin 3-5-ci yeri bölüşürlər. D.Navara 4 xalla altıncı, V.Anand və V.Əsədli isə 1 xalla 7-8-ci pillədə yer alıblar.

Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan Vüqar Həşimov memorialında şahmatçılar rapid və blits turnirlərində yarışırlar. Dekabrın 21-dək davam edəcək rapid yarışları 7 turdan ibarət olacaq. Dekabrın 22-23-də isə blits yarışları keçiriləcək. Rapid yarışı 15 dəqiqə + 10 saniyə, blits isə 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.


Xəbər 301 dəfə oxundu.