“Vüqar Həşimov memorialı-2021”: Üç turdan sonra ABŞ şahmatçısı Fabiano Karuana yarışa liderlik edir
Dekabrın 19-da Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnirdə ikinci yarış gününə yekun vurulub.

Rapid yarışlarında ikinci və üçüncü turun oyunları keçirilib.

İkinci turun birinci oyununda Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Vüqar Əsədli üz-üzə gəliblər. Partiya Ş.Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Rauf Məmmədov ABŞ şahmatçısı Fabiano Karuanaya məğlub olub. Riçard Rapport (Macarıstan) sabiq dünya çempionu hindistanlı Vişvanatan Ananda, Çexiya təmsilçisi David Navara isə rusiyalı Sergey Karyakinə qalib gəliblər.

Turun ikinci oyununda V.Əsədli Ş.Məmmədyarovu, F.Karuana R.Məmmədovu, S.Karyakin isə D.Navaranı məğlub ediblər. V.Anand isə R.Rapportla xalı yarı bölüb.

Qələbə sayları eyni olan Ş.Məmmədyarov V.Əsədli ilə, D.Navara isə S.Karyakin ilə armagedonda üz-üzə gəliblər. Ş.Məmmədyarov və S.Karyakin görüşdən qalib ayrılıblar.

Üçüncü turun ilk oyununda Ş.Məmmədyarov S.Karyakinə, V.Anand D.Navaraya, R.Rapport isə F.Karuanaya uduzublar. V.Əsədli isə R.Məmmədovla heç-heçə edib.

Cavab oyunlarında S.Karyakin Ş.Məmmədyarovdan, R.Məmmədov V.Əsədlidən, R.Rapport isə F.Karuanadan üstün olublar. D.Navara və V.Anand xalı yarı bölüblər. Armagedonda R.Rapportu məğlub edən F.Karuana 2 xal qazanıb.

Üç turdan sonra F.Karuana 8 xalla turnir cədvəlində birinci, R.Rapport isə 7 xalla ikinci pillədə qərarlaşıblar. Hesabında 5 xal olan R.Məmmədov, Ş.Məmmədyarov və S.Karyakin 3-5-ci yeri bölüşürlər. D.Navara 4 xalla altıncı, V.Anand və V.Əsədli isə 1 xalla 7-8-ci pillədə yer alıblar.

Turnirin reqlamentinə əsasən, rapid yarışlarında bir tur iki oyundan ibarətdir.

Xəbər 339 dəfə oxundu.