Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnirdə ikinci yarış gününə start verilib
Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnirdə dekabrın 19-da ikinci yarış gününə start verilib.

Bu gün rapid yarışlarında ikinci və üçüncü turun oyunları keçiriləcək.
İkinci turunda Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Vüqar Əsədli üz-üzə gəlirlər. Rauf Məmmədov ABŞ şahmatçısı Fabiano Karuana ilə qarşılaşır. Riçard Rapport (Macarıstan) sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand, Çexiya təmsilçisi David Navara isə rusiyalı Sergey Karyakin ilə üz-üzə gəlir.

Üçüncü turda Ş.Məmmədyarov rusiyalı S.Karyakinlə, V.Əsədli isə R.Məmmədovla oynayacaqlar. Çexiyalı D.Navara V.Anand (Hindistan), macarıstanlı R.Rapport isə F.Karuana (ABŞ) ilə qarşılaşacaqlar.

Vüqar Həşimov memorialına dekabrın 24-də yekun vurulacaq. İlk turdan sonra Ş.Məmmədyarov, R.Rapport və F.Karuana 3 xalla ilk sıraları bölüşürlər. R.Məmmədov 2 xalla 4-cü, V.Anand isə 1 xalla 5-cidir. V.Əsədli, D.Navara və S.Karyakinin isə xalı yoxdur.

Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorialı”nda şahmatçılar rapid və blits turnirlərində yarışırlar. Dekabrın 21-dək davam edəcək rapid yarışları 7 turdan ibarət olacaq. Turnirin reqlamentinə əsasən, rapid yarışlarında bir tur iki oyundan ibarətdir. Dekabrın 22-23-də isə blits yarışları keçiriləcək. Rapid yarışı 15 dəqiqə + 10 saniyə, blits isə 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Xəbər 309 dəfə oxundu.