“Vüqar Həşimov memorialı”nın iştirakçıları
Bir neçə dəqiqədən sonra Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca yeddinci beynəlxalq super turnir start götürəcək.

8 şahmatçının iştirakı ilə baş tutacaq turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.

“Vüqar Həşimov memorialı”nın yeni loqosu mərhum şahmatçının silueti əsasında hazırlanıb. Qara fonda ağ tonda təqdim olunan Vüqar Həşimovun silueti əlavə detallar olmadan, yalnız kənar cizgilərinin birrəngli təsviri əsasında yaradılıb.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar. Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir keçirilməyib.

Xəbər 282 dəfə oxundu.