Şahmat üzrə beynəlxalq dərəcəli hakim Bəxtiyar Rüstəmovun “Art-Debüt” adlı fərdi sərgisinin açılışı olub
“Leyla Khazari Art Gallery” qapılarını yenidən sənət sevərlərin üzünə açıb. Ziyarətçilərə sənət əsərlərindən zövq almaq və Azərbaycanın məşhur sənətkarlarının yaradıcılıq dünyası ilə tanış olmaq imkanı verən qalereyada dekabrın 17-də “Art-Debüt” adlı fərdi sərginin açılış mərasimi olub.

Əməkdar müəllim, Əməkdar bədən tərbiyəsi və idman xadimi, şahmat üzrə beynəlxalq dərəcəli hakim, riyaziyyat üzrə elmlər doktoru, professor Bəxtiyar Rüstəmovun ilk fərdi sərgisində 11 yağlı boya, 12 qrafika, 9 kağız üzərində akril ilə işləmə və 2 ağacoyma işi təqdim olunub.
Müxtəlif mövzuların vəhdətini təşkil edən sərgidə Bəxtiyar Rüstəmov yüksək peşəkarlıq və titizliklə ərsəyə gətirdiyi əsərlərində insanları düşündürməyi bacarıb.
Uşaq yaşlarından heykəltaraşılıqla məşğul olan müəllif əsərlərini dünyada tüğyan edən koronavirus pandemiyası zamanı ölkəmizdə tətbiq olunan sərt karantin rejimi zamanı ərsəyə gətirib. Bəxtiyar Rüstəmov bunu fürsət bilərək daxilində cəmlənmiş düşüncə və fikirlərini kətan üzərinə böyük həssaslıqla köçürüb. Gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik və xeyirxahlıq kimi mövzuların yer aldığı sənət əsərlərində vətənpərvərlik mövzusu da xüsusi çəkiyə malikdir. Janr müxtəlifliyi və işlənmə texnikası baxımından maraq doğuran əsərlər B.Rüstəmovun zəngin dünyagörüşünün və gərgin əməyinin bəhrəsidir.
Sərginin keçirilməsində məqsəd təbiətin qorunması, vətənə məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, estetik və bədii zövqün formalaşması, yaradıcılığın, obrazlı düşüncənin inkişaf etdirilməsindən ibarətdir.
Sərgiyə dekabrın 19-da yekun vurulacaq.

Xəbər 291 dəfə oxundu.