“Qəbələ” baş menecer Zaur Əzizovla yollarını ayırıb
“Qəbələ” idman klubu baş menecer Zaur Əzizovla yollarını ayırıb.

2008-ci ildən bu vəzifəni tutan futbol funksioneri 13 ildən artıq müddətdə komandanın uğurları üçün çalışıb.

Z.Əzizov “Qəbələ” ilə birlikdə Premyer Liqada iki gümüş, üç bürünc medal qazanıb. Bu müddətdə 4 dəfə Azərbaycan kubokunun finalına yüksələn komanda 2018/2019-cu il mövsümündə ilk tituluna yiyələnib, üç dəfə həlledici matçda məğlub olub.

Avrokuboklardakı debütü Z.Əzizovun baş menecerliyi dövrünə təsadüf edən “Qəbələ” iki dəfə ardıcıl 4 mərhələ adlamaqla UEFA Avropa Liqasının qrupunadək irəliləyib.

“Qəbələ” rəhbərliyi Zaur Əzizova əsas komandanın formalaşması, inkişafı və uğurlarındakı xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.

Xəbər 303 dəfə oxundu.