Belarus-Azərbaycan oyunu neytral ölkədə keçirilə bilər
Futbol üzrə UEFA Millətlər Liqasında Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Belarus yığmasının ev oyunları neytral ölkədə keçirilə bilər.

Buna səbəb Belarusda vəziyyətin qaydasında olmamasıdır. Bu barədə UEFA prezidenti Aleksander Çeferin məlumat verib.

Qurum rəsmisi ölkədəki situasiyanı izləməkdə davam edəcəklərini bildirib: “Yaxın vaxtlarda orada turnirlər olmayacaq. Qadın futbolçular arasında 2025-ci il Avropa çempionatının harada olacağına zamanı yetişəndə qərar verəcəyik. İzləyir və bilirik ki, Belarusda vəziyyət yaxşı deyil”.

İyunda UEFA öz turnirlərinin Belarusda təşkilindən imtina edib. Bu, Avropa İttifaqının “Ryanair”ə məxsus təyyarəsi ilə bağlı insident üzündən etirazlar fonunda baş verib. Qitə futbol qurumu 2021-ci ildə bu ölkədə heç bir yarışın olmayacağını açıqlayıb. Nəticədə Belarus yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərini Rusiyanın Kazan şəhərində qəbul edib.

Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

Xəbər 310 dəfə oxundu.