Sabah voleybol üzrə 2021-2022-ci il mövsümünə start veriləcək
Dekabrın 17-də voleybol üzrə 2021-2022-ci il mövsümünə start veriləcək.

Mövsümə qadın voleybolçular arasında Super Liqanın “Murov” və “Abşeron” komandalarının oyunu ilə start veriləcək. Daha sonra kişi voleybolçular meydana çıxacaqlar. Yüksək Liqa çərçivəsində MOİK və “Neftçi” üz-üzə gələcəklər. Qarşılaşmalardan əvvəl çempionatların rəsmi açılış mərasimi təşkil olunacaq.

Super Liqada “Murov” və “Abşeron”la yanaşı, “Azərreyl”lə UNEC çempion adı uğrunda mübarizə aparacaq. Yüksək Liqada isə MOİK, “Neftçi” “Murov”, “Exspress” və “Sərhədçi” qüvvəsini sınayacaq.

Qadın voleybolçuların yarışı 6, kişilərin mübarizəsi 4 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.

Çempionatların açılış mərasimi və oyunlar “Murov”un Biləcəridəki zalında keçiriləcək. Ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejiminə uyğun olaraq qarşılaşmalar azarkeşsiz təşkil ediləcək.

Qeyd edək ki, dekabrda qadınlar və kişi voleybolçular arasında I liqa yarışlarına da start veriləcək.

Xəbər 482 dəfə oxundu.