Azərbaycan Əbu-Dabidə keçirilən üzgüçülük üzrə dünya çempionatında dörd idmançı ilə təmsil olunur
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə üzgüçülük üzrə dünya çempionatına start verilib.

Ölkəmiz bu yarışda dörd idmançı və iki məşqçi ilə təmsil olunur. Millinin baş məşqçisi Rəşad Əbdürrəhmanovun rəhbərliyi altında üzgüçülər Ramil Vəlizadə, Rəşad Alquliyev, Fatimə Alkərəmova və Məryəm Şeyxəlizadəxangah dünya çempionatında güclərini sınayacaqlar. R.Vəlizadə, R.Alquliyev və F.Alkərəmova bu gün, M.Şeyxəlizadəxangah isə dekabrın 18-də mübarizəyə başlayacaq.

Artıq Fatimə Alkərəmova mundialda mübarizəyə start verib. O, 200 və 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışında da qüvvəsini sınayacaq. Ramil Vəlizadə 100 və 200 metr batterflay, R.Alquliyev 100 metr arxası üstə və 400 metr qarışıq üsulla üzmə yarışlarında mübarizə aparacaqlar. M.Şeyxəlizadəxangah isə 50 və 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında gücünü sınayacaq. Bundan başqa, millimiz dörd dəfə 50 metr məsafəyə qarışıq estafetdə də iştirak edəcək. Sıralamaya görə, F.Alkərəmova arxası üstə, R.Alquliyev brass, Ramil Vəlizadə batterflay, M.Şeyxəlizadəxangah isə krol üsulu ilə üzmədə yarışacaqlar.

Ümumilikdə 201 ölkənin iştirak etdiyi dünya çempionatı dekabrın 21-də başa çatacaq.

Dekabrın 16-da Üzgüçülük Federasiyasını vitse-prezidenti Elçin Həsənov və federasiyanın baş katibi Fərid Bənənyarlı Əbu-Dabiyə yollanacaqlar. Onlar burada Beynəlxalq Su İdmanları Federasiyasının (FINA) təşkil etdiyi konqresdə iştirak edəcəklər. Səfər çərçivəsində bəzi federasiyaların rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi də planlaşdırılır.

Xəbər 379 dəfə oxundu.