Macarıstan şahmatçısı Riçard Rapport "Vüqar Həşimov Memorialı"nda debüt edəcək
Dekabrın 17-də Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnir start götürəcək.

Səkkiz şahmatçının iştirakı ilə baş tutacaq turnir rapid və blits üzrə təşkil olunacaq. İndiyədək yarışda 14 ölkədən 28 şahmatçı qalib adı uğrunda mübarizə aparıb. Builki yarışda Macarıstan təmsilçisi Riçard Rapport debüt edəcək. 2017-ci ildə 13 yaş, 11 ay, 6 günlüyündə Macarıstan çempionu olan qrosmeyster “Vüqar Həşimov Memoralı-2021”in rapid yarışlarında 2750 əmsalla 8 şahmatçı arasında üçüncü, blits üzrə isə 2754 əmsalla dördüncüdür.

R.Rapport ilə yanaşı, turnirdə Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) qalib adı uğrunda yarışacaqlar.

Dekabrın 24-dək davam edəcək yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Xəbər 281 dəfə oxundu.