Azərbaycan qılıncoynadanları gənclərin dünya kubokunun mərhələ yarışında çıxışlarını başa vurublar
Azərbaycan Qılıncoynatma Federasiyasının milli komandasının sablya və şpaqa üzrə üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclərin dünya kubokunun mərhələ yarışında çıxışlarını başa vurublar.

Kişi sablyaçıların şəxsi yarışında Murad Əkbərov, Maqsud Hüseynli və Saleh Məmmədov qrup mərhələsini 2 qələbə ilə başa vurublar. Təmsilçilərimizdən Murad Əkbərov və Maqsud Hüseynli əlavə göstəricilər nəzərə alınaraq pley-offa yüksəlməyi bacarıblar. Saleh Məmmədov isə mübarizəni erkən dayandırıb.

Murad Əkbərov 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə polşalı rəqibi Kasper Novinovskiyə 15:14 hesabı ilə qalib gəlsə də, növbəti mərhələdə Rusiya idmançısı Nikita Kuklinə 9:15 hesabı ilə uduzub.

Maqsud Hüseynli isə 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Artyom Terexova 5:15 hesabı ilə məğlub olub.

Sablyaçılarımız komanda yarışında Səudiyyə Ərəbistanını təmsil edən seçmə kollektivə 42:45 hesabı ilə uduzublar.

Kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran Barat Quliyev birbaşa ən güclü 64-lüyə yüksəlib. Şpaqaçımız bu mərhələdə ukraynalı Roman Samoilova 8:15 hesabı ilə uduzub.

Qrup mərhələsini 2 qələbə ilə başa vuran Kənan Məlikzadə isə 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə isveçrəli İan Hauriyə 9:15 hesabı ilə məğlub olub. Qrupda 2 qələbəsi olan Fuad Qurbanov isə pley-offa yüksələ bilməyib.

Gənc şpaqaçılarımız komanda yarışında Səudiyyə Ərəbistanını təmsil edən seçmə kollektivə 22:45 hesabı ilə uduzublar.

Xəbər 616 dəfə oxundu.