Avro-2013-ün seçmə mərhələsində İsveç – Azərbaycan matçının ən yaxşı oyunçularının adları açıqlanıb
Kişi basketbolçular arasında Avro-2013-ün seçmə mərhələsində İsveç – Azərbaycan matçının ən yaxşı oyunçularının adları açıqlanıb. Millimizin 79:96 hesabı ilə uduzduğu görüşdə Elxan Əliyevin yetirmələrindən Ceysi Karroll fərqlənib.

Baş məşqçimizin isveçlilərlə oyunda ehtiyatda saxladığı Çarlz Devisin əvəzinə yığmamızda debüt edən amerikalı özünü yaxşı tərəfdən göstərməyi bacarıb. O, komandamıza 27 xal qazandırıb. Digər basketbolçularımız Rasim Başak 24, Aleksandr Rındinlə Orxan Aydın hərəyə 11, Fuad Niftəliyev 4 və Zaur Paşayev 2 xala sevinib.

Rəqibin heyətində isə Kristian Maraker daha sərrast olub. O, Karrolldan 8 xal az toplamaqla, İsveçin ən yaxşısı seçilib.

Xəbər 2070 dəfə oxundu.