Azərbaycan şahmat ailəsinin nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Azərbaycan şahmat ailəsinin nümayəndələri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, federasiyanın birinci vitse-prezidenti Faiq Həsənov, İcraiyyə Komitəsinin, kişi və qadın şahmatçılardan ibarət milli komandaların üzvləri Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri qoyub.

Federasiyanın prezidenti Mahir Məmmədov jurnalistlərə açıqlamasında ölkəmizdə şahmatın inkişafında və şahmatçıların yetişməsində ulu öndər Heydər Əliyevin əvəzsiz rolunu xüsusi qeyd edərək deyib: “Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmək hər bir şahmatçımızın mənəvi borcudur. Azərbaycanda zəngin tarixə malik şahmat ötən əsrin 70-ci illərində inkişaf etməyə başlayıb. Müstəqilliyin bərpasından sonra bütün sahələrdə olduğu kimi, idmanın bu növünə də xüsusi diqqət yetirildi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikada şahmat məktəbləri tikilməyə başladı. Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafında və bugünkü nailiyyətlərində, xüsusən də kişilərdən ibarət milli komandamızın üçqat Avropa çempionu adını qazanmasının əsasında Heydər Əliyevin diqqət və qayğısı dayanır”.

Ulu öndər Heydər Əliyevin azyaşlı şahmatçılarımızı qəbul edərək onların inkişafı ilə bağlı mühüm tapşırıqlar verdiklərini xatırladan M.Məmmədov deyib: “İndi həmin uşaqlar dünyanın sayılıb-seçilən yüksək reytinqli qrossmeysterləridir. Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə şahmatın inkişafını daim diqqət mərkəzində saxlaması, Azərbaycanın bütün bölgələrində şahmat məktəblərinin açılması yeni-yeni istedadların üzə çıxarılmasında və onların irimiqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində mühüm rol oynayıb. Görülən işlərin nəticəsidir ki, bu gün respublikamızın adı şahmatın ən yüksək səviyyədə inkişaf etdiyi ölkələr sırasında çəkilir. Azərbaycan şahmat məktəbinin yetirmələri istər uşaq və yeniyetmələr, istərsə də gənclər və böyüklər arasında bir çox mötəbər beynəlxalq yarışda, o cümlədən Avropa və dünya çempionatlarında, klublararası qitə birinciliklərində qalib və mükafatçılar sırasında yer tutur, fəxri kürsüdə təbrikləri qəbul edirlər. Onların qələbələri şərəfinə müxtəlif ölkələrdə Azərbaycan bayrağı ucaldılır, dövlət himnimiz səsləndirilir. Ona görə də ulu öndərimiz Heydər Əliyevin şahmata qayğısı daim yaddaşımızda qalacaq”.

Federasiya prezidenti vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan şahmata diqqət və qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının Sərəncamı ilə 2009-2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi ölkəmizdə idmanın bu növünün tərəqqisində yeni mərhələ oldu.

Xəbər 321 dəfə oxundu.