Zəfər Günü münasibətilə tələbələr arasında futzal yarışlarının qrup mərhələsi keçirilib
Zəfər Günü münasibətilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal yarışlarının qrup mərhələsi keçirilib.

Oyunların nəticələrinə əsasən, 16 komanda pley-off mərhələsinə vəsiqə qazanıb. Turnirin 9-cu dəfə keçirildiyini bildirən L.Novruzov builki yarışların mühüm əhəmiyyət daşıdığını vurğulayıb: “Builki yarışların mühüm əhəmiyyəti ondan ibarətdir ki, o, Zəfər Gününə həsr edilib. Yarışa ümumilikdə 35 komanda qatılıb. Sabah – dekabrın 11-də səkkizdəbir final yarışları keçiriləcək. Qalib komanda dörddəbir finala vəsiqə qazanacaq. Dörddəbir final yarışları dekabrın 18-də, yarımfinal isə 19-da baş tutacaq. Turnirə dekabrın 24-də yekun vurulacaq”.

Futzal yarışları Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Qeyd edək ki, çempionatın keçirilməsində məqsəd ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzalın kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futbolçuların seçiminin təminatıdır. Həmçinin tələbələr arasında ən güclü futzal komandasının müəyyənləşdirilməsi, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılması da məqsədlər sırasındadır.

Xəbər 325 dəfə oxundu.